Qurban bayramı İslam aləminin ən müqəddəs hesab etdiyi bayramlardan biridir. Bu bayram hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilib. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.
Bu il Azərbaycanda Qurban bayramı avqustun 12, 13-ü qeyd olunacaq və Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günü hesab olunacaq. 1-13 avqust tarixlərində Bakıda Qurban bayramı ilə əlaqədar heyvan kəsimi üçün yerlər ayrılıb. Həmin yerlər və qurbanlıq heyvanlarla bağlı tələblər barədə ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.