Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. Gürcüstan Azərbaycandan dizel yanacağın idxalını dayandıracaq. Bu barədə Gürcüstan Neft İdxalçıları Birliyi tərəfindən bir neçə gün əvvəl təşkil olunmuş tədbirdə deyilib. Səbəb olaraq 2020-ci il yanvarın 1-dən Gürcüstanda "Avro-4" standartlı dizel yanacağına qadağa qoyulması göstərilib. Gələn il yanvarın 1-dən Gürcüstanda "Avro-5" standartına cavab verən dizel yanacağından istifadə olunacaq.
Məsələ ilə əlaqədar enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, Gürcüstan hökuməti 2020-ci il yanvarın 1-dən "Avro-5" standartından aşağı olan yanacağın idxalının məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib: "Yəni Avropadan, Rusiyadan və digər ölkələrdən "Avro-4" standartına cavab verən yanacaq Gürcüstana gətirilsə, bu ölkəyə buraxılmayacaq. Bu qərarı Azərbaycan ilə əlaqələndirmək və Gürcüstanın Azərbaycana qarşı addımı kimi qiymətləndirmək düzgün deyil".
"Digər tərəfdən, belə bir fikir formalaşıb ki, Gürcüstanın yanacaq, əsasən də dizel bazarı Azərbaycandan asılı vəziyyətdə olub. Gürcüstanın rəsmi statistikasına görə, 2018-ci ilin yekunlarına görə, bu ölkənin yanacaq bazarında birinci yerdə 26 faiz pay ilə Rusiya olub. Sonra sırası ilə Rumıniya, Türkmənistan və Azərbaycan gəlib" - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin uzanması ixrac imkanlarını azaldır: "Biz 2018-ci ildə zavodun modernləşdirilməsini başa çatdırmalıydıq, yəni ilkin plan belə idi. Ancaq sonradan məlum oldu ki, görüləcək işlər həddindən artıq çoxdur və ona görə də zavodun modernləşdirilməsi 2021-ci ildə yekunlaşacaq".
Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Real TV"yə deyib ki, Azərbaycandan Gürcüstana dizelin idxalının dayandırılması Gürcüstan hökumətinin qərarı ilə olub: "Gürcüstan Azərbaycanın dizel satışları üçün yeganə satış bazarı deyil. Son illərdə bizim dizel yanacağımız müxtəlif ölkələrdə reallaşdırılmaqdadır, xüsusilə də böyük hissəsi Aralıq dənizinin hövzəsində yerləşən ölkələrə satılır. Və keçmiş illərdə həmin ölkələrə biz daha böyük həcmdə dizel satırdıq. Gələcəkdə Gürcüstana ixrac etməyəcəyimiz dizel həcmlərini digər bazarlarda öz mövcud şəbəkəmiz vasitəsilə reallaşdırmaq nəzərdə tutulur. Və həmin bazarlarda iştirakımız bunu sayəsində daha da artacaq".