Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 9 avqust — Sputnik. Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Gecikmənin yağışlı hava səbəbindən olması ehtimal edilir. Qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 20 dəqiqə gec çatıb.
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, hava şəraiti ilə əlaqədar qatarların hərəkətinə sürət məhdudiyyəti qoyulub: "Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb. Buna səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə sürət məhdudiyyətinin qoyulmasıdır".
Sərnişinlər Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının ləngiməsindən əlavə, bu barədə heç olmasa, sosial şəbəkədən də olsa, məlumatlandırılmadıqlarından narazıdırlar.