Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 9 avqust — Sputnik. "Çadır tipli məntəqələrdə qurbanlıq ətinin təmizlənib hazırlanması, digər hissədə isə hazır ətin təhvili işləri həyata keçirilir. Ərazinin təmizliyi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə gün ərzində və günün sonunda dezinfeksiya işləri aparılacaq".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri baytarlıq üzrə baş müfəttiş Qalib Əbdüləliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə təşkil olunan infotur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, respublika üzrə 30 çadır tipli, 44 stasionar məntəqəyə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli qiymət təyin olunan heyvanlar gətiriləcək. O bildirib ki, respublikanın istənilən yerindən vətəndaşlar öz heyvanlarını gətirərək bu cür məntəqələrdə sata biləcəklər.
"Ümumilikdə isə bayramla əlaqədar olaraq təkcə Bakı şəhərində 30 mindən artıq heyvanın gətiriləcəyi gözlənilir. Bakı şəhərində isə çadır tipli məntəqələrin sayı 21, stasionar məntəqələrin sayı isə 12-dir", - deyə baş müfəttiş əlavə edib.
Q.Əbdüləliyev bu məntəqələrin heyvan tutumu haqda da məlumat verib: "Məntəqələr 300-2000 başadək heyvan tutumuna sahibdirlər. Bu çadırlarda eyni vaxtda 15 heyvanı soymaq mümkündür".
O bildirib ki, vətəndaşlar yalnız öz həyətlərində qurban kəsimini reallaşdıra bilərlər: "Amma nəzərdə tutulmayan yerdə qurban kəsiminin reallaşdırılması isə yolverilməzdir. Belə hal aşkarlanarsa, həmin şəxs ərazidən kənarlaşdırılacaq və müvafiq addımlar atılacaq, həmin şəxs cərimə olunacaq. Bunadək, yəni son 1 ildə respublikada qanunsuz heyvan kəsimi ilə məşğul olan 500-dən çox məntəqənin fəaliyyəti dayandırılıb".
Bakı şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev isə jurnalistlərə görüləcək təmizlik işləri haqda məlumat verib. O bildirib ki, çadırlar yığışdırıldıqdan sonra təmizlik məqsədilə dezinfeksiya işləri aparılacaq: "Artıq Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsinin avtomobilləri bu ərazidədir. Yaradılmış məntəqələrdə bayram öncəsi və bayram sonrası dezinfeksiya və dezinseksiya işləri aparılacaq".
O, bu ayın 14-də çadırların yığılacağını vurğulayıb.
AQTA-nın mətbuat katibi Aysel Fərziyeva isə açıqlamasında heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq üçün qurbanlıq heyvanların baytarlıq-sanitariya və sanitariya tələblərinə cavab verən yerlərdə müvafiq qaydalara uyğun kəsilməsinin vacibliyindən söz açıb. O bildirib ki, iri və xırda buynuzlu heyvanların baytarlıq arayışı olmadan bir yerdən başqa yerə daşınması da yol verilməzdir.
A.Fərziyeva daha sonra çadırların təchizatından da söz açıb: "Bu çadırlar gigiyenik tələblərə uyğun avadanlıqlarla, döşəmə isə drenaj sistemi ilə təmin olunub. Həmin drenaj sistemi çadırda kəsilən heyvanın qanı və digər axıntılar kanalizasiya sistemi vasitəsilə ərazidən kənarlaşdırmağa icazə verir. Nəticədə çadır və çadır ətrafında çirklənmənin qarşısı alına biləcək. Bundan başqa, çadırların ətrafında isə konteynerlər quraşdırılacaq".
Mətbuat katibi bu çadırların 3 hissədən ibarət olduğunu vurğulayıb: "Çadırın birinci hissəsində öncə nömrə verilir və bundan sonra şəxsin seçiminə əsasən heyvan kəsilir. Çadırın ikinci hissəsində isə heyvan soyulur, 3-cü hissədə isə vətəndaş cəmdək formasında deyil, heyvanı doğranmış formada götürə bilər".
"Bu cür məntəqələrdə bütün xidmətləri yerli icra strukturları həyata keçirəcək. AQTA isə yalnız nəzarət və tənzimləmə işlərini həyata keçirəcək", - deyə o əlavə edib.
A.Fərziyeva bayram günlərində bu heyvanların baytarlıq analizi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının pulsuz olaraq fəaliyyət göstərəcəyini vurğulayıb.
Qeyd edək ki, qanunsuz fəaliyyətlə əlaqədar olaraq vətəndaşlardan AQTA, Daxili İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, hazırda Qurban bayramı ilə əlaqədar olaraq çadır tipli müəssisələr üçün 5 mindən artıq xırdabuynuzlu heyvan gətirilib.