Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 9 avqust — Sputnik. Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə daha çox üstünlük verirlər.
Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova isə bildirib ki, Qurban bayramı yaxınlaşdığından və bu gün sonuncu iş günü olduğundan bayramı doğmaları ilə keçirmək istəyən sərnişinlərin sayı artıb: "Bu səbəbdən də gücləndirilmiş iş rejimində çalışan "Azərbaycan Dəmir Yolları" QSC qatarlara əlavə vaqonlar qoşub. Buna baxmayaraq, bu günə olan məlumata görə, bütün istiqamətlərə biletlərin hamısı satılıb. Ən çox tələbat Bakı-Böyük Kəsik, Bakı-Tbilisi, Bakı-Balakən istiqamətindədir".
N. Bayramova bildirib ki, bayram günlərində sərnişindaşıma ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC bütün imkanlarını səfərbər edib. Bundan sonra bayram günləri üçün əlavə bilet satışı mümkün deyil.