BAKI, 9 avqust — Sputnik. Alyaska sakini içərisində SSRİ dövründə yazılmış məktub olan butulka tapıb. Sputnik Azərbaycan xəbər verir ki, tapıntının fotoşəkli "Facebook" sosial şəbəkəsində yerləşdirilib.
Qeyd edilir ki, 1969-cu il 20 iyun tarixli məktubu amerikalı Tayler İvanoff tapıb. Öz səhifəsində o, məktubun rus dilindən tərcümə olunmasını xahiş edib.
Məktuba əsasən, onu göndərmiş şəxs "Uzaq Şərq Gəmiçilik Şirkətinin rus donanması" tərkibində "Sulak" adlı üzən bazada xidmət edirmiş.
Müəllif məktubu alan şəxsə salam göndərir və tapıntı haqqında gəminin ekipajına xəbər verməyi xahiş edir.
"Sizə can sağlığı, uzun ömür və uğurlu dəniz səfəri arzulayırıq", - məktubun sonunda deyilir.
"Sulak" üzən bazası 1966-cı ildə Yaponiyanın Yokohama şəhərində düzəldilib, 1992-cı ildə isə xidmətdən çıxarılıb.