BAKI, 8 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. Abşeron çimərliklərində isə hava şəraiti şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə isə, Abşeron yarımadasında mülayim küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.