BAKI, 7 avqust — Sputnik. "Almaniya üçün Alternativ" (Alternative für Deutschland - AfD) sağçı partiyası Şərqi Almaniya əhalisindən güclü dəstək alıb.
Sputnik Azərbaycan-ın "RT" agentliyinə istinadən verdiyi xəbərə görə, regional seçkilərdən əvvəl keçirilmiş sorğularda AfD Almaniyanın üç əyalətində yüksək nəticələr əldə edib. Bununla yanaşı Almaniyanın əsas partiyalarına dəstək ən aşağı həddə düşüb.
Belə ki, iyun və iyul aylarında aparılmış bir sıra sorğular göstərib ki, "AfD" Şərqi Almaniyada ön plana çıxmağı bacarıb. Sağçı partiya bu regionda ictimaiyyətdən davamlı dəstək alır.
Qeyd edək ki, Almaniya vacib regional seçkilərin keçirilməsinə hazırlaşır. Bu seçkilərdən ikisi təxminən bir ay sonra baş tutacaq.
Aparılmış sorğuların nəticələri Almaniyanın əsas partiyalarını narahat edə bilər. Belə ki, alman siyasətinin "ağır çəkililəri" – Kansler Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU) və onlarla koalisiya qurmuş Sosial Demokrat Partiyası (SPD) ölkənin şərq regionlarında xalqın dəstəyini itirməkdədirlər.
Emnid İnstitutu tərəfindən aparılmış son sorğuda AfD Şərqi Almaniyanın beş əyalətində səslərin 23 faizini toplayıb. CDU isə həmin sorğuda səslərin 22 faizini toplaya bilib.
Digər partiyaların hamısı geridə qalır: Solçu Partiya (Die Linke) 14 faiz səslə üçüncü yeri tutub, "Yaşıllar" isə 13 faiz səslə dördüncü yerdə qərarlaşıb.
Bir zamanlar Almaniyanın "xalq partiyası" hesab edilən və geniş xalq dəstəyi alan "SPD" isə beşinci yerə düşüb. Sosial demokratların lehinə sorğuda iştirak edən şərqi almaniyalıların yalnız 11 faizi səs verib.
Məlumata görə, Sosial Demokrat Partiyası 1990-cı illərdən bəri özünün istinadgahı hesab olunan Brandenburqda liderliyini AfD-yə vermək üzrədir.