BAKI, 7 avqust — Sputnik. İnquşetiyanın Malqobek rayonunun Voznesenk kəndində atışma zamanı yaraqlı zərərsizləşdirilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Antiterror Komitəsi məlumat yayıb.
Bölgədə kontr-terror rejimi Bakı vaxtı ilə saat 05:30-da elan olunub.
"Evdə gizlənən quldura silahı yerı qoymaq və təslim olmaq təklif olunub. Buna cavab olaraq yaraqlı hüquq-mühafizə orqanlarına atəş açıb. Bundan sonra o zərərsizləşdirilib", - deyə Komitənin yaydığı məlumatda bildirilir.
Qurumun məlumatına görə, yaraqlı terror aktı törətməyi planlaşdırıb. Hadisə yerində əldəqayırma partlayıcı qurğu, silah və sursat aşkarlanıb.
Daha sonra antiterror rejimi ləğv olunub.
Qeyd edək ki, avqustun 2-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Vladimir rayonunda hərbi hissəyə hücum etməyə hazırlaşan terror qrupunun üzvlərini saxlayıb.
Əməliyyatda qurumun Ryazan vilayətinin əməkdaşları da iştirak ediblər.
Qeyd olunur ki, saxlanılanlar "əlbir olduqları şəxslərin" köməyi ilə silah və sursatlar əldə etməyi planlaşdırıblar.
Hələlik saxlanılanların sayı açıqlanmır, lakin məlumdur ki, qruplaşmaya 1993-cü ildə doğulmuş şəxs rəhbərlik edib.
Faktla bağlı cinayət işi başladılıb.