BAKI, 7 avqust — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti Ermənistan XİN-in bəyanatına münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, XİN-in şərhində deyilir: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə qanunsuz səfəri zamanı səsləndirdiyi təxribatçı fikirlərinə münasibətdə qəti mövqeyimizin əks olunduğu 6 avqust tarixli bəyanatına Ermənistan Xarici İşlər Nazirliyinin kifayət qədər xaotik və məntiqi izahı olmayan cavabı diqqətimizi cəlb etdi.
Hesab edirik ki, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirərək ölkəmizin Dağlıq Qarabağ və ətraf bölgələrini qanunsuz güc tətbiqi ilə işğal edən, bu ərazilərdəki azərbaycanlı əhaliyə qarşı tam etnik təmizləməni həyata keçirən və Xocalı şəhərində soyqırım aktı törədən Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanı sivil normalara və ədəb-ərkana riayət etməməkdə, habelə dözümsüzlükdə ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur.
Üstəlik, Ermənistan XİN-i Azərbaycan hökumətini N.Paşınyanın Xankəndidə Ermənistan, Qarabağ və diaspor üçün "birlik, həmrəylik, inkişaf və tərəqqi" mövzusunda etdiyi çıxışının mahiyyətini və məzmununu başa düşməməkdə inandırmağa çalışır. Bu ölkənin baş nazirinin arxasınca, "nəcib niyyətini" oxşar və yöndəmsiz şəkildə izah edən Ermənistan XİN-i faktiki olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə münasibətdə rəsmi Ermənistan tərəfindən anneksiya siyasətinin aparıldığını etiraf edir.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin məntiqinə xələl gətirən belə bir qeyri-adekvat yanaşmanı nümayiş etdirməsi regional gərginliyə səbəb olur və bunun məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan XİN-in başa düşməkdə çətinlik çəkdiyi, Azərbaycan Xarici İşlər Nazirliyinin 6 avqust tarixli və kifayət qədər aydın yazılmış bəyanatında məhz bu sözlər qeyd edilir".