BAKI, 7 avqust — Sputnik. Boşanma "epidemiyası" və nikahların azalması Misir rəsmilərini ailə rifahını qorumaq üçün gözlənilməz addım atmağa məcbur edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Misirin mərkəzi İsmailiyyə vilayətinin qubernatoru Hamdi Osman yerli kişiləri ailələrinə "qaytarmaq" qərarına gəlib. Bunun üçün o, kafe və internet kafelərin gecə saatlarında işini məhdudlaşdıran fərman imzalayıb.
Bundan sonra, bu tip müəssisələr yay vaxtlarında gecə saat birdən gec olmamaqla bağlanacaq. Qışda isə bu müəssisələr gecəyarısına kimi işləyəcək.
Qubernatorun fikrincə, kişilərin gecələr evdən kənarda əyləncə məclislərində yığışması boşanmaların sayının artmasına səbəb olur və ailə büdcəsinə ziyan vurur.
"Saatlarla kafedə oturmaq vaxt itkisi və ailə büdcəsinin israf edilməsidir. Nəticədə bu, ailənin maliyyə vəziyyətinə mənfi təsir göstərir, ailə münaqişələrinin və boşanmaların səbəblərindən birinə çevrilir", - Hamdi Osman deyib.