BAKI, 7 avqust — Sputnik. Filippin Prezidenti Rodriqo Duterte milliyyətindən asılı olmayaraq narkobaronların başını kəsməyə hazır olduğunu və buna görə həbsə düşməkdən qorxmadığını deyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Manila Bulletin" nəşri yayıb.
"Mən korrupsiyaya və narkotik vasitələrə nifrət edirəm. Əgər sən tonlarla narkotik vasitə satan böyük narkobaronsansa, sənin çinli, yapon və ya malayziyalı olmağından asılı olmayaraq başını kəsəcəm", - Duterte deyib.
O deyib ki, bu əməlinə görə həbsə düşsə, vecinə olmayacaq. Duterte həbsə düşəcəyi təqdirdə ildə bir dəfə Milad günündə ona yemək gətirməyi də xahiş edib.
2016-cı ildə prezident seçilmiş Duterte narkotik vasitə aludəçiləri və alverçiləri ilə genişmiqyaslı mübarizənin tərəfdarıdır.
Dünya ictimaiyyəti artıq bir neçə dəfə Filippinin narkotik vasitə ticarəti ilə mübarizə metodlarını qınayıb.