BAKI, 5 avqust — Sputnik. Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı "Dostluq Evi"ndə olub.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçiriblər.
Zakir Həsənov eyni zamanda "Səhra mətbəxi" müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.
Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara xeyli sayda milli mətbəx nümunələri təqdim edilir.