BAKI, 5 avqust — Sputnik. Şərqi Aralıq dənizi bölgəsinə maraq göstərənlərə Türkiyənin mesajı təkdir: "Bizimlə işbirliyi qurun, hər kəs qazansın". Sputnik Azərbaycan "Habertürk"ə istinadən xəbər verir ki, bunu bu gün Ankarada keçirilən 11-ci səfirlər konfransında çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Bizim istəyimiz təbii sərvətlərin bərabər şəkildə paylanmasıdır. Siyasi bir təşkilat olan Avropa İttifaqı məhkəmə kimi hərəkət edə bilməz. Kipr bizim milli mübarizəmizdir. Heç bir çözüm modelindən imtina etmirik, heç bir modeldə israr etmirik. Yunanıstanı bölgədə bütün məsələlərdə qazan-qazan (win-win - red.) prinsipi çərçivəsində ortaq olaraq görmək istəyirik. Gəlin xalqlarımızın maraqları üçün birlikdə çalışaq. Bu bölgəyə maraq göstərən hər kəsə mesajımız təkdir: bizimlə işbirliyi anlamında görüşün, hər kəs qazansın", - deyə Çavuşoğlu bildirib.
Xatırladaq ki, iyulun 15-i Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyalar qəbul edib.
Belə ki, qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib.
Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.
Nazirlər eyni zamanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogeriniyə Türkiyəyə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanmasını da məsləhət görüblər.
"Focus" nəşri yazır ki, Türkiyə tərəfi öz mövqeyini dəyişməsə, Avropa İttifaqı geoloji kəşfiyyat işlərində iştirak edən şirkətlərə və ayrı-ayrı şəxslərə qarşı da məhdudlaşdırıcı tədbirlər qəbul edə bilər.