Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. "Bakı və Abşeron yarımadasında güclü küləyin sürətinin saniyədə 30-35 metrədək güclənməsi gözlənilir. Açıq dənizdə isə dalğanın hündürlüyünün 6-8 metrədək qalxması təhlükəsi var".
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində bu ayın 5-dən gözlənilən güclü külək haqqında xəbərdarlıqlar tərtib olunub və bütün əlaqədar qurumlara, eləcə də KİV-ə təqdim olunub: "Xəbərdarlıqda göstərilib ki, avqustun 5-dən səhər saatlarından başlayaraq 8-nə qədər ölkə ərazisində hava şəraiti küləkli olacaq. Küləyin maksimum sürəti bu günə, ayın 5-nə gözlənilir.
U. Tağıyeva qeyd edib ki, mövcud hava şəraiti Bakı və Abşeron üçün xarakterikdir. Havanın dəyişməsi şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi ilə əlaqədardır. Hazırda küləyin güclənməsi müşahidə olunur.