BAKI, 5 avqust — Sputnik. Kütləvi silahlı insidentlər psixi xəstəlik problemləri ilə bağlıdır.
Tramp atəş açanların "çox ağır ruhi xəstə" olduqlarını qeyd edib. O, kütləvi atışma probleminin artıq neçə ildir ki, həll edilmədiyini və bunun artıq qarşısını almağın lazım olduğunu bildirib.
ABŞ prezidenti, həmçinin baş vermiş atışmaları pisləyərək, "ölkəmizdə nifrətə yer yoxdur" deyib. O, bu məsələni baş prokuror, Federal Təhqiqatlar Bürosunun direktoru və Konqres üzvləri ilə müzakirə edəcəyini bildirib.
Şənbə və bazar günləri Texasın El Paso və Ohayonun Deyton şəhərində baş vermiş atışmalarda ən azı 29 nəfər həlak olub. Hər iki insidentdə ümumilikdə 52 nəfərin yaralandığı bildirilir.
El Pasoda yerləşən "Walmart" ticarət mərkəzində atışmanı 21 yaşlı amerikalı Petrik Kruziosun başladığı məlum olub. Hücumdan əvvəl "Twitter"də yerləşdirdiyi manifestində Kruzios bu ilin martında Yeni Zelandiyada məscidə edilmiş terror hücumunu dəstəklədiyini bildirib və mühacirlərə görə ABŞ mədəniyyətinin və iqtisadiyyatının zərər çəkdiyini iddia edib.
Deytonda baş vermiş atışmanı isə 24 yaşlı Konnor Bettsin başladığı bildirilir. Verilən məlumatlara görə, həlak olanlar sırasında onun bacısı da olub.
Bundan başqa, Çikaqoda yerləşən uşaq meydançasında yeddi nəfərin yaralanması ilə nəticələnmiş atışma baş verib. Hücum edən şəxsin saxlanılmasına dair məlumat verilməyib.
Texasın Qərb rayonunun Baş Prokuroru Con Bəş isə bildirib ki, El Paso atışması artıq daxili terror aktı kimi qiymətləndirilir.