İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Uzun illərdir Xətai rayonu keçmiş Balıqçılıq Sənayesi Nazirliyinin 4 saylı Nəqliyyat Təsərrüfatı qarajında 15 məcburi köçkün ailəsi məskunlaşıb.
Sputnik Azərbaycan bildirir ki, bəzi ailələr burada 1996-cı ildən, bəziləri isə 10-15 ildir ki, yaşayır. Həyətə daxil olanda əvvəlcə kiçik yaşayış məntəqəsinə girdiyini düşünsən də, köçkünlərin yaşadığı mənzillərə baş çəkəndə vəziyyətin necə acınacaqlı olduğuna şahid olursan.
Köhnə yarımtikililər, dağılmış xarabalığı xatırladan qarajlar, ot basmış həyətyanı sahə, divarların küncünə yığılmış təkərlər, həyətdə taxta parçaları ilə yaradılmış toyuq hinləri, hər tərəfə axıdılan kanalizasiya suları, adam boyu qalxmış alaq otlarını görmək kifayət edir ki, buradakı sakinlərin necə yaşadığını biləsən.
Parçalanıb, dağılmış pilləkənlərlə Qurbanovların yaşadığı "evə" qalxıram. 13 nəfərlik ailəsi ilə yarıuçulmuş tikilidə yaşayan ailə üzvlərinin hamısı xəstəlikdən əziyyət çəkir.
Ailənin başçısı Maşallah Qurbanov Ağdam rayonundan məcburi köçkün düşüb. Dediyinə görə, 1996-cı ildən bu ərazidə yaşayır.
"Belimdən əməliyyat olunmuşam, ayaqlarım işləmir. Evdən həyətə düşə bilmirəm. Gözüm də tutulur. Bu şəraitdə yaşamaqdan da yorulmuşam", - deyə M. Qurbanov bildirib.
Evin xanımı Firuzə Qurbanovanın sözlərinə görə, oğlu müharibədə xəsarət alıb: "Müharibə dövrü idi. Top atılanda uşaq qapıda oynayırdı. Qəlpə dəydi başına. Götürüb qaçdıq, qanını birtəhər kəsdik. Sonra dedilər, qanqrena yaranır. Əməliyyat etdilər. İndi oğlumun başında plastik lövhə qoyulub. Müharibə idi deyə heç yerə müraciət edə bilmədik. İndi onun üçün pensiya da almırıq. Haraya müraciət edəcəyimizi də bilmirik".
Digər sakin Mələknaz Quliyeva isə deyir ki, bura yaşayış yeri olmadığı üçün ərazidə qaz və telefon xətləri ümumiyyətlə mövcud deyil.
""Qaçqınkom"a müraciət etmişik. Nümayəndələri gəlib, baxış keçiriblər. İndi bilmirik necə olacaq. İki körpə nəvəm var, oğlum xəstədir. Gəlinim küçə süpürüb uşaqlarını saxlayır. Çox çətin vəziyyətdə yaşayırıq. İndi yay aylarıdır. Ancaq havalar soyuyan kimi hər tərəf rütubət, nəmişlik olur. Ərazidə kanalizasiya sistemi yoxdur", - deyə Mələknaz Quliyeva əlavə edib.
Səxavət Teymurov isə Füzuli rayonundan köçkün düşüb. Dediyinə görə, 1993-cü ildən burada yaşayır. S. Teymurov dəfələrlə müvafiq qurumlara mənzillə təmin edilməklə bağlı müraciət etsə də, müraciətləri nəticəsiz qalıb.
Şair Yafəs Türksəs də ailəsi ilə 11 ildir ki, burada yaşayır. Deyir ki, onların məskunlaşdığı tikililər yaşayış üçün nəzərdə tutulmadığına görə yaşamaq, demək olar ki, mümkün deyil. Divarlar qəzalı vəziyyətdədir, rütubət, nəmişlik, antisanitariya, bataqlıq burada yaşayanları xəstəliyə salıb. Yayayış yerlərinə rütubət qoxusundan girmək mümkün deyil. Divarlar nəm çəkib, suvağı tökülür. Döşəmələr bütövlükdə yararsız vəziyyətdədir.
Ən acınacaqlısı isə odur ki, bu tikililəri təmir etmək mümkün deyil. Çünki onları yenidən bərpa etmək lazımdır. Buna isə nə köçkünlərin imkanı var, nə də icazələri. Çünki bilirlər ki, nə vaxtsa onları buradan çıxaracaqlar.
Hazırda məcburi köçkünlər mənzillə təmin olunmalarını arzulayırlar. Deyirlər ki, mənzil problemləri həllini tapsa, işləyib, yaşamaq çətin olmaz.
Onu da qeyd edək ki, məcburi köçkünlərin yaşadıqları ərazidən kənarda böyük bir zibillik ərazi var. Köçkünlər iddia edirlər ki, zibillik 15 ildir ki, burada yaranıb. Neçə dəfə zibillərin daşınması ilə bağlı müraciət etsələr də, müraciətləri cavabsız qalıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məcburi köçkünlərin dövlət yaşayış fonduna məxsus yeni yaşayış sahələrinə köçürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir. Bundan başqa, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və müraciəti əsasında ölkəmizin özəl sektoru da bu problemin həllinə dəstək verməkdədir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətdə olduğu barədə rəy verilmiş bina və tikililərdə müvəqqəti məskunlaşmış, həmçinin uzun müddət ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahəsi ilə birinci növbədə təmin edilirlər. Köçürülmə prosesi mərhələli şəkildə aparılır. Xətai rayonu Balıqçılıq Sənayesi Nazirliyinin 4 saylı Nəqliyyat Təsərrüfatının qarajında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar", - deyə o qeyd edib.