Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 3 avqust — Sputnik. Azərbaycanda övladlığagötürmə sahəsində yeni idarəetmə mərhələləri hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov məlumat verib. O, bildirib ki, ölkəmizdə noyabr ayından övladlığagötürülmə yeni mərhələlərlə icra olunacaq.
F. Ələkbərov bildirib ki, ilk növbədə valideyn himayəsindən məhrum olmuş uşaqların e-uçotu hazırlanacaq. Daha sonra isə övladlığa uşaq götürmək üçün müraciət edən valideynlərin e-uçotu aparılacaq: "Bundan sonra valideyn-namizəd və onunla birgə yaşayanlar barədə məlumatların elektron qaydada əldə edilməsi, valideyn-namizədlə müsahibələrin keçirilməsi, mənzil şəraitinin yoxlanılması və təlimlərin aparılması həyata keçiriləcək. Növbəti mərhələ valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində 40 saatdan az olmamaq şərtilə görüşlərin təşkilindən ibarət olacaq. Bu mərhələdən sonra övladlığa götürüləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi və sosial işçi tərəfindən uşağın həftədə bir dəfə monitorinqi həyata keçiriləcək. Bu mərhələ də uğurla başa çatdıqdan sonra nəticə əsasında övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu barədə məhkəmə rəyi təqdim edilməlidir. Övladlığa götürülmə məhkəmə tərəfindən təsdiq edildikdən sonra birinci il hər rüb, sonrakı illərdə uşaq yetkinlik yaşına çatanadək ildə bir dəfə uşağın vəziyyətinin monitorinqi aparılacaq".
Qeyd edək ki, noyabrın 1-dən övladlığagötürmə ilə bağlı səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, övladlığagötürmə sahəsində Vahid Elektron Alt sistemi yaradılacaq.