Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 3 avqust — Sputnik. Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sağlam uşaqları övladlığagötürmə ilə bağlı məhdudiyyət götürülür.
Bu barədə məlumatı Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov verib. O bildirib ki, əslində indiyədək də rəsmi olaraq övladlığagötürülmə qaydalarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ancaq sağlamlıq imkanı məhdud uşaqların verilməsi barədə şərt olmayıb.
F. Ələkbərov bildirib ki, amma övladlığagötürmə ilə bağlı müraciətlərin qəbulu, yoxlanılması məsələlərində qaydalar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir qədər fərqli olacaq. Buna da səbəb həmin şəxsin başqa ölkədə yaşaması, bir sıra məlumatların elektron qaydada yoxlanılmasının mümkün olmamasıdır.