BAKI, 2 avqust — Sputnik. Brayan de Palma deyirdi ki, kamera saniyədə 24 dəfə yalan deyir. Amma bu yalanlar üst-üstə yığılıb unudulmaz, təsirli və dönə-dönə baxılaraq sevilən filmlərə çevrilir. Bu gün Azərbaycanda incəsənətin çox dəyər verilən növünün fədailəri peşə bayramlarını - Milli Kino Gününü qeyd edirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu gün ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunur.
Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər oldu.
Bu gün Azərbaycanda filmlər dövlət sifarişilə yanaşı, özəl şirkətlərin xəttilə də çəkilir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında video-çarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.
Tədbirdə həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın "Dan yeli", Pərviz Həsənovun "Soraq", eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi "Oturacaqlar" qısametrajlı bədii filmləri nümayiş etdiriləcək.
Azərbaycanfilm kinostudiyasından verilən məlumata görə, Milli Kino Günündə "O olmasın, bu olsun", "Qaynana", "Dəli Kür", "Yenilməz batalyon" və sair filmlərə quruluş vermiş tanınmış Azərbaycan rejissoru Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı da nəzərdə tutulur.