BAKI, 1 avqust — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.
Bu barədə "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, proqram üzrə Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabr ayında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli 431 nömrəli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 30 milyon manat vəsait ayrılıb.