BAKI, 1 avqust — Sputnik. "Aktivləşdirilmiş kömür, kimyəvi maddələr və dərmanları adsorbsiya etmə - özünə hopdurma xüsusiyyətinə görə on illərlə zəhərlənmənin müalicəsində əsas yer tutub. Aktivləşdirilmiş kömür meyvə şirələrində, diş pastasında, üz yuyulması və sairdə inqredientlərə daxildir. Bağırsağın təmizlənməsinə, qaz və şişkinliyə köməkçi olduqları iddia edilir. Əksər apteklərdə tapılan aktivləşdirilmiş kömür əlavələri bağırsaq qazından azad olacağını vəd edir, amma tibb mütəxəssisləri onların effektivliyinə şübhə edirlər".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə həkim cərrah İsmayıl Əsgərov öz "Facebook" səhifəsində yazıb.
O, qeyd edib ki, bununla bağlı bir çox tədqiqatlar olsa da, sadəcə iki tədqiqat aktivləşdirilmiş kömürün bağırsaqda qazı azaltdığını göstərir. Digər bütün tədqiqatlar isə qazın azalmasına təsir etmədiyi göstərir.
Aktivləşdirilmiş kömürün əks təsirləri: dili və damağı qaraldır, insanların əksəriyyətində ürək bulanma və qusmaya səbəb olur.
Həkimin sözlərinə görə, bəzi hesablamalar insanların 30%-nin zəhərlənməyə qarşı aktivləşdirilmiş kömür udduqdan sonra qusduğunu göstərir. Qarın nahiyəsində rahatsızlıq hissi də çox rast gəlinir.
"Təəssüf ki, aktivləşdirilmiş kömür onun ən geniş istifadə olunduğu 2 sahədə demək olar ki faydasızdir: spirt və ağır metalları adsorbsiya etmək. Belə ki, bağırsaqlarda alkoqol sorulması kömürün hopdurma qabiliyyətindən daha artıq sürətlə baş verir. Ağır metallar isə kömürlə çox zəif kimyəvi əlaqə yaradır. Bundan başqa müəyyən dərmanlarla kömürün birgə istifadəsi onların effektiv, həqiqi dozasını azalda bilir: ağrı kəsicilər, antidepresanlar, artrit dərmanları, diabet dərmanları, oral kontraseptivlər, antiaritmiklər, beta-blokatorlar, antiepileptiklər və bronxodilatatorlar. Digər bir narahatlıq isə aktivləşdirilmiş kömürün təsadüfən vacib vitamin və qidanın udulmasına mane ola biləcəyidir" - deyə o bildirib .