Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 31 iyul — Sputnik. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova işdən azad olunub. Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın işdən çıxarılmasına səbəb kimi nizam-intizama riayət etməməsi, işə davamiyyətinin olmaması göstərilib.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının artıq keçmiş aktrisası Şəbnəm Cəbrayılova ilə əlaqə saxladıq. O bildirdi ki, direktor İftixar Piriyevi məhkəməyə verəcək. Cəbrayılova hamiləliyinin pozulmasında direktorun günahkar olduğunu söylədi. Aktrisa sağlamlığı barədə öncədən rəhbərliyə məlumat verdiyini, rəhbərliyin isə ona narahat olmamağı, sağlamlığını qorumağı tapşırdığını deyib.
Ş.Cəbrayılova həkimdən aldığı sənədi teatra təqdim edəndə isə ona artıq işdən azad olunduğunu deyiblər. O, iddia edir ki, aldığı stresdən uşağını itirib, hazırda da ciddi depresiyadadır. Aktrisa yaranmış problemlə bağlı Mədəniyyət Nazirliyinə rəsmi məktub ünvanlayıb. O, günahkar şəxslərin cəzalanmasını istəyir. Aktrisa heç bir halda həmin teatra dönməyəcəyini və təzminat tələb etməyəcəyini də vurğuladı.
Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, aktrisa Şəbnəm Cəbrayılova 15 gün müddətində üzrsüz səbəbdən işə çıxmayıb. Rayonlara təşkil olunmuş qastrol səfərlərinə getməkdən heç bir üzrlü səbəb göstərmədən imtina edib. Bununla da o, dövlət müəssisəsinin iş rejimini bilərəkdən və qəsdən pozub. İşdən çıxarıldıqdan sonra guya hamilə olduğunu və işdən çıxarıldığına görə uşağını itirdiyini bildirən aktrisa Şəbnəm Cəbrayılova iddia etdiyi hamiləliyini və ya uşağını itirməsini təsdiq edən heç bir rəsmi sənədi teatra təqdim etməyib. Aktrisa 25 iyul tarixində işdən azad olunub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Sputnik Azərbaycan-a açıqlamasında aktrisa və teatr arasında yaranmış problemdən xəbərdar olduqlarını söylədi. O bildirdi ki, nazirliyin incəsənət şöbəsində bu haqda məlumat var və problem araşdırılır.