Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 29 iyul — Sputnik. Astara polisi cibgirlik edən və narkotik tərkibli bitkiləri əkib-becərən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın Cənub bürosuna verilən məlumata görə, Astara rayonu Hamuşam kənd sakini Ş.Əşrəfov Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkrəm Mahmudovun törətdiyi müəyyən edilərək saxlanılıb. İ.Mahmudovun oğurladığı 612 manat isə götürülərək sahibinə qaytarılırb.
Astara RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Elçin Babayevin yaşadığı evin həyətyanı sahəsindən ümumi çəkisi 3 kiloqram olan 7 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.