BAKI, 28 iyul — Sputnik. İranın Hərbi Dəniz Qüvvələrinin başçısı kontr-admiral Hüseyn Xanzadə şənbə günü axşam Sankt-Peterburqa gedib.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, iranlı rəsminin səfəri üç gün çəkəcək. O, rusiyalı həmkarları ilə hərbi-dəniz əməkdaşlığının inkişaf məsələlərini müzakirə edəcək.
Xanzadə IRNA agentliyinə müsahibəsində bildirib ki, Rusiyaya bu ölkədən olan həmkarkarının dəvəti ilə gəlib. Həmçinin əlavə edib ki, Rusiya tərəfi ilə hərbi-dəniz razılaşmasının imzalanmasını gözləyir.
"İran Qərbi Asiyanın mərkəzində əzəmətli bir dövlət kimi, müxtəlif sahələrdə regional və qlobal təsirlərə malikdir, sözsüz ki, bu iki dövlətin (İran və Rusiyanın - red.) əməkdaşlığı və qarşılıqlı münasibətləri dənizdə kollektiv təhlükəsizlik üçün böyük nailiyyət ola bilər", - Xanzadə qeyd edib.
Həmçinin bildirilir ki, İran HDQ başçısı bazar günü Rusiyada Hərbi Dəniz Donanması günü münasibətilə keçiriləcək tədbirə də qatılıb.
Rusiyada Hərbi Dəniz Donanması günü bu il iyulun 28-nə təsadüf edir.
Hər il Rusiyada Hərbi Dəniz Donanması gününə gələn əcnəbi qonaqların sayı artır. Builki tədbirdə 26 ölkənin hərbi nümayəndə heyəti iştirak edir. Onlar arasında Hindistan və Çinin təmsilçiləri də var.