BAKI, 28 iyul — Sputnik. "Jara" musiqi festivalının üçüncü günündə konsertdən əvvəl ulduzlar yenidən "qırmızı xalı"da görünüblər. Onlardan bəziləri hətta Sputnik Azərbaycan üçün oxumağa vaxt da tapıb.
"Jara-2019" festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.
İyulun 26-sı festival Qriqori Lepsin və Stas Mixaylovun, eləcə də 30 yaşını qeyd edən "Lübe" qrupunun yaradıcılıq gecəsi ilə başlayıb. Səhnədə Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və başqaları çıxış ediblər.
1990-cı və 2000-ci illərin hitləri şənbə günü, iyulun 17-də səslənib.
Konsertdə "Na-na", "Ruki vverx!" qrupları, Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digərləri oxuyublar.
Festivalın bağlanışı günü, yəni iyulun 28-də Z nəsli çıxış edəcək, Timatinin konserti olacaq. Burada Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və Black star leyblının artistləri dinləyiciləri coşduracaqlar.
Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycanın, Rusiyanın, Ukraynanın, İtaliyanın, ABŞ-ın və digər ölkələrin estrada ulduzları iştirak edirlər.