BAKI, 26 iyul — Sputnik. Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında "polis işçisinin şok səs yazısı yayıldı" sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır.
Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
"Müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs - bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev - 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub. Bu məlumat polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli xəbərlərin yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial media platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır", - deyə Hacıyev qeyd edib.
Deyilənləri nəzərə alaraq, polis mayoru sosial şəbəkə istifadəçilərinə, mətbuat nümayəndələrinə tövsiyə edib ki, polisin adı hallanan məlumatları hazırlayarkən, dəqiqləşdirmə aparmadan sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məlumatları yaymasınlar.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə keçmiş polis işçisi Hacıyev Lətif Həbib oğlu dələduzluqda ittiham olunaraq səs yazısı yayılıb. Bu barədə öz sosial şəbəkə hesabında "Hot Room" adlı gecə klubunun sahibi Rövşən Süleymanzadə yazıb.