Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Bu gün saat 14:15-də İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisinin Lənkəran limanı yaxınlığında qəzaya uğraması hadisəsi ilə bağlı insidentin təfərrüatları bəlli olub. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musavi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, batan gəmini çıxarmaq üçün İrandan buksir-gəmi yola çıxıb.
"Lənkəran limanı yaxınlığında qəzaya uğrayan "Şəbahəng" quru-yük gəmisinin göyərtəsində olan 9 nəfər şəxsi heyət Azərbaycan xilasediciləri tərəfindən xilas edilib. Heyət üzvünün hamısı İran vətəndaşlarıdır. Onların səhhətlərində heç bir problem yoxdur. Gəmi üzvləri baş verənlər barədə gəmi sahibini məlumatlandırıblar. Məndə olan məlumata görə, gəmi hələ tam olaraq batmayıb. İrandan o gəmini çıxartmaq üçün buksir gəmi yola çıxıb. Buksir-gəmi insidentin baş verdiyi əraziyə təxminən iki saat ərzində çatacaq. Gəmi üzvlərinin Lənkərandan İrana qayıdacağı gözlənilir", - deyə Seyid Əli Musavi bildirib.
Xatırladaq ki, Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzərdə batması ilə bağlı məlumat yayıb.
Məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən "Tufan" tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.