BAKI, 26 iyul — Sputnik. Bu gün Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin "Küçə sənətçiləri" adlı layihəsinin təqdimat mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov iştirakçılara layihə haqda ətraflı məlumat verib və müraciətlə bağlı prosedurları izah edib.
Sənətçilərə heç bir ödəniş olmadan verilən rəylərin qüvvədəolma müddəti bitdikdə Bakı Turizm İnformasiya Mərkəzinə yenidən müraciət edərək onları yeniləyə və ya fəaliyyətlərini davam etdirməyə bilərlər.
Qeyd edək ki, dövlət qurumlarının dəstək olduğu layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq. "Küçə sənətçiləri" layihəsininin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır. Layihədə iştirak etmək istəyən şəxslər 012 498 12 44 şəhər nömrəsinə zəng edə və ya marketing@salambaku.travel elektron poçtuna müraciət ünvanlaya bilərlər.