BAKI, 26 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "F-35" qırıcıları ilə bağlı Vaşinqtona sərt mesaj göndərib.
"Biz "F-35" qırıcılarına görə 1,4 milyard dollar pul ödəmişik. Dördünü bizə təhvil verdilər, lakin onların ölkəmizə gəlməsinə imkan vermirlər. Sonra da niyə "S-400"lər alırsınız deyirlər. İndi Birləşmiş Ştatlar Konqresinə səslənirəm. Biz Obamanın hakimiyyətdə olduğu dövrdə "Patriot" almaq istədiyimizdə siz vermədiniz. İndi də Trampın vaxtında yenə mane olmağa çalışırsınız. Pulumuzla alacağıq. Kim verərsə, ona müraciət edəcəyik. İnciməyin, biz tədbirlərimizi ən ideal şəkildə görməliyik. "F-35"ləri vermirsiniz? Biz o məsələdə də yenə tədbirlərimizi görərik, başqa yerlərə müraciət edərik. Biz bu məsələ ilə bağlı iş aparırıq. Əli bağlı olmaq niyyətində deyilik", - deyə Ərdoğan vurğulayıb.
Ərdoğan eyni zamanda qeyd edib ki, "S-400" sistemlərinin montajı və istifadəsinə dair təlimlər başa çatdıqdan sonra 2020-ci ilin aprelindən aktiv şəkildə istifadə olunmağa başlayacaq.
Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükünün birinci mərhələsi başa çatıb.
Vurğulanır ki, "S-400"lərin ilk partiyasının tədarükü Ankarada yerləşən Mürtəd bazasına həyata keçirilib.
Məlumata əsasən, ümumilikdə tədarük çərçivəsində 30 təyyarə reysi həyata keçirilib.
Qeyd olunur ki, ikinci partiyanın da tədarükü Ankaraya olacaq.
Xatırladaq ki, iyunun 17-də rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin"F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.
Pentaqon rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar sərmayə almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar sərmayə alırdı".
Türkiyə Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırıb. "Bu qərar iki ölkə arasında strateji əlaqələrə bərpaedilməz şəkildə zərər vuracaq. "S-400" zenit-raket komplekslərinin "F-35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. Türkiyə tərəfinin bu məsələ ilə bağlı NATO-nun da iştirakı ilə bağlı təkliflərini ABŞ tərəfi cavabsız qoyub," - deyə Türkiyə XİN bildirib.
Nazirlik Türkiyənin "F-35"-lərlə bağlı proqramdan çıxarılması barədə qərarı ədalətsiz adlandırıb.