BAKI, 26 iyul — Sputnik. Bu gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərinin davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, dayaqlar, 4 ədəd yeni Komplekt Transformator Məntəqələri (KTM), kilometrlərlə uzunluqda kabellər və digər zəruri avadanlıqlar rayonun 5 kəndinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdıracaq: “Hazırda avadanlıqlar Gədəbəyə çatdırılıb və bunlar rayonun Plankənd, Parakənd və digər kəndlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu isə ümumilikdə 3 minə yaxın abunəçinin elektrik enerjisi təchizatının yaxşılaşması deməkdir”.
“Azərişıq” rəsmisi həmçinin bildirib ki, təmsil etdiyi qurum Gədəbəydə keçirilən “Milli Yaylaq Festivalı” zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görüb: “Bundan əlavə, festivalın keçirilməsində elektrik enerjisinin təchizatında yarana biləcək hər hansı fasilənin aradan qaldırılması üçün “Azərişıq” olaraq “Milli Yaylaq Festivalı”nı generatorla təchiz etmişik”.
Xatırladaq ki, 2019-cu ilin əvvəlindən bəri “Azərişıq” tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün Gədəbəy rayonundan əlavə regionlara avadanlıqlarla təchiz olunmuş 12 maşın karvanı yola salınıb.
Onlar Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad, Goranboy rayonlarına və Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.
T.Mustafayev əlavə edəb ki, "Azərişıq" ölkənin bütün regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir: “Bu işlər 2019-cu ilin 2-ci yarısında da fasiləsiz davam etdiriləcək. “Azərişıq" olaraq əsas vəzifəmiz Prezidentin qarşıya qoyduğu vəzifəyə uyğun Bakı və ölkənin digər bölgələrində və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir”.