BAKI, 26 iyul — Sputnik. Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.
Bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntünün yayılması barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildiriblər.
Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır.
"Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyəti isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.