Aleksandr Xrolenko, hərbi şərhçi
BAKI, 25 iyul — Sputnik. Miq-29 qırıcısının qəzaya uğraması Azərbaycan Silahlı Qüvvələrini Hərbi Hava Qüvvələrinin parkını yeniləmək və hərbi gücü daha da artırmaq üçün təcili tədbirlər görməyə vdar edir.
Prezident və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev iyulun 25-də 2019-cu ilin dövlət büdcəsinə dəyişikliyi təsdiqləyib. Bu dəyişikliyə əsasən müdafiə istiqamətində xərclərə 150 mln manat (artım 4,9%) əlavə edilib. Nəticədə cari ilin hərbi büdcəsi 3 mlrd.187 mln.618 min manata (1,88 mlrd. dollara yaxın) çatacaq. Aydın məsələdir ki, bu vəsaitlər hərbi qulluqçuların maaşlarının artırılmasına və silahların yenilənməsinə xərclənəcək.
Dünya reytinqində Azərbaycanın hərbi gücü bir ilə 6 pillə yüksəlib və bu gün 52-ci yeri tutur (https://www.globalfirepower.com/countries-listing.asp). Bu isə İran və Qazaxıstandan üstdəki yerdir. Həmçinin bu, əhalisinin sayı cəmi 10,3 mln. nəfər olan kompakt ölkə üçün yaxşı nəticədir, üstəlik, silahlı qüvvələrin bundan sonra da inkişaf etmək imkanları var. Misal üçün, iqtisadi gücü və əhalisi ilə müqayisə edilsə, Belarus Globalfirepower reytinqində 39-cu yerdədir.
Azərbaycan ordusunun 67 min hərbi qulluqçusu, 30 hərbi təyyarəsi və 17 hərbi helikopteri (ümumilikdə 138 uçan aparatı), 665 tankı, 419 artilleriya qurğuları, 182 raket kompleksi var. Bu rəqəmlər hörmətə layiqdir, lakin heç də bütün silahları müasir və effektiv hesab etmək olmaz. Yeri gəlmişkən, bu, MDB ölkələrinin ümumi problemidir.
Metalın yorğunluğu
Artıq məlumdur ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi 24 iyul saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən qəflətən onunla rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi Xəzər dənizi üzərində radarlardan itib.
MiQ-29-u təcrübəli hərbi təyyarəçi, polkovnik-leytenant (podpolkovnik), hərbi hissə komandirinin müavini Rəşad Atakişiyev idarə edib. Ciddi səhvlər bu cür insanlar üçün tipik deyil. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Müdafiə Nazirliyinin Komissiyası aviaqəzanın başvermə səbəblərini araşdırır və bu ağır iş həftələr və aylar ala bilər. Cinayət işi açılıb.
Sovet istehsalı olan MiQ-29 təyyarələri müxtəlif ölkələrdə işlədiyi illər ərzində özünü ən yaxşı tərəfdən göstərib. O, havada üstünlük, quru və dəniz hədəflərinə zərbə endirmək məqsədilə yaradılıb. Yüksək sürətə, unikal manevr qabiliyyətinə, iti bucaq altında uçmaq bacarığına malikdir ki, bu, onun Qərb analoqları (F-15 və F-16) üçün əlçatmazdır. Bu günə qədər MiQ-29 qırıcıları dünyanın ən ağır silahlı təyyarəsi hesab olunur. Bütün bunlarla yanaşı, bu təyyarələrin müxtəlif seriyaları ötən əsrdə - 1982-ci ildən 1990-cı ilə qədər (bundan sonra isə kiçik partiyalarla) buraxılıb. Mümkündür ki, iyulun 24-də Xəzər dənizi üzərində Azərbaycan MiQ-29-nun ongünlük intensiv istismarı və metalın yorğunluğu da öz rolunu oynayıb.
Ölkənin hərbi-hava qüvvələrinə 21-ci əsrin əvvəllərində Ukraynadan alınmış 14 MiQ-29 qırıcısı daxildir. Bu qırıcılar istifadədə olub və modernləşdirilmiş kimi qələmə verilir. Lakin Ukrayna heç vaxt belə təyyarələr istehsal etməyib, sadəcə sovet mirasını satıb. Bir qayda olaraq, aviatexnikanın təmiri və yenilənməsi ilə həvəskar mexaniklər yox, istehsalçı zavodlar (Moskva ətrafındakı MiQ-29 zavodu) məşğul olur.
Mexanizmlərin resursu, texniki xidmətin dövriliyi əsas kimi qəbul edilmiş sənədlərlə müəyyən olunur. Lakin maşın fəal olaraq istismar edilir, hər bir uçuşda böyük yüklənmə ilə qarşılaşır. Bu yüklənmələr onilliklərlə istismar edildikdən sonra kritik həddə çata bilər. Düzdür pilotun xilas üçün həmişə şansı var – katapult, MLAS-1 "OB" rezin qayığı, siqnal boyama paketi, dəniz suyunu şirinləşdirmək üçün onlarla briketlər.
Yenidən silahlanmanın perspektivləri
Azərbaycanın müdafiə-sənaye kompleksi əsasən atıcı snayper silahlarının və zirehli avtomobilərin istehsalı ilə tanınır. Raket-artilleriya silahları və hərbi aviasiya xarici tədarükdən asılıdır. Ölkənin ordusu Rusiya ("Smerç" və "Qrad"), Türkiyə ("Qasırğa") və Belarus ("Polonez") istehsalı olan yaylım atəşi reaktiv sistemlərinə malikdir. Pilotsuz uçan aparatları (yığım texnologiyası da daxil olmaqla) 20 ildən çoxdur ki, Azərbaycana İsrail tədarük edir.
Bakı əsasən Ankara, Moskva və Minsklə hərbi-texniki əməkdaşlığa üstünlük verir. Hər bir istiqamət üzrə müəyyən ixtisaslaşma yaranıb. Əgər Azərbaycan ciddi şəkildə HHQ-nin döyüş tərkibinin yenilənməsi və inkişafı ilə məşğul olarsa, yeni qırıcıları ona yalnız Rusiya təklif edə bilər. Dünya bazarında onun Su-30SM və Su-35 təyyarələrinə böyük tələbat var.
Məsələn, Rusiya istehsalı olan “Su-30SM” təyyarələri hava üstünlüyünü effektiv şəkildə qazana və yerdə olan hədəflərə (“Х-59МК2” raketləri vasitəsilə 300 kilometrədək məsafədən) yüksək dəqiqlikli zərbələr endirə bilirlər. Bu döyüş maşını “4+” təyyarə nəslinə aiddir. Yəni imkanlarına görə beşinci nəslə (“Su-57” və “F-35”) yaxındır. Təsadüf deyil ki, Hindistan 270-dən çox “Su-30SM” təyyarəsini alıb (topdan ucuz başa gəlir).
Azərbaycan NATO ilə praqmatik münasibətlər saxlayır, lakin həm də ABŞ-ın hərbi plasdarmına çevrilmək istəmir. Amerikadan aviatexnika tədarükü nəzəri olaraq mümkündür, lakin qonşu Türkiyənin “F-35” qırıcıları, “Patriot” zenit-raket kompleksləri və Vaşinqtonun hərbi-siyasi təzyiqi ilə bağlı təcrübəsi göstərir ki, ABŞ hərbi-texniki əməkdaşlıq sahəsində etibarlı tərəfdaş deyil.
Bundan başqa, Azərbaycan və İran “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsini Rusiya Federasiyası ilə birlikdə həyata keçirmək niyyətindədirlər. Bu dəhliz vasitəsilə yükləri Hindistandan və Fars körfəzi ölkələrindən sürətli və ucuz şəkildə Rusiya və Şimali Avropaya çatdırmaq mümkün olacaq. Birləşmiş Ştatlar isə İranı maksimal dərəcədə zəiflətməyə və onun stabilliyini pozmağa çalışır – bu bütün Cənubi Qafqazda təhlükəli turbulent bir vəziyyət yarada bilər. Hesab edirəm ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasına dair Bakıda daim aparılan diskussiyalar heç də təsadüfü deyil.