BAKI, 26 iyul — Sputnik. Britaniyanın yeni baş naziri Boris Conson kifayət qədər ziddiyyətli, lakin həm də dünyanın siyasi arenasında gözə çarpan bir şəxsiyyətdir. O, hazırcavabdır, reputasiyasının korlanmağından qorxmur və Birləşmiş Krallığı Avropa İttifaqından çıxarmağa qərarlıdır.
Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti Boris Consonun yeni baş nazir seçilməsi ilə əlaqədar olaraq bu siyasətçinin maraqlı və qeyri-adi karyera tarixi, eləcə də ajiotaja səbəb olmuş hərəkətləri haqqında yazıb.
Qətiyyətli qələbə
Consonun baş nazir seçilməsi haqqında Britaniya qəzetlərindən birinin yazdığı xəbər bu cümlə ilə başlayır: "Onun qələbəsi Böyük Britaniyanın Aİ-dən çıxmasına və ölkə daxilində konstitusional böhrana səbəb olacaq".
Consonun lehinə Konservativlər partiyasının 92 min üzvü səs verib. Onun qələbəsi qeyd-şərtsiz idi, belə ki, rəqibi Ceremi Hant öz partiyasının üzvlərindən bundan təqribən iki dəfə az səs toplaya bilib.
İyulun 24-dən etibarən yeni baş nazir səlahiyyətlərinin icrasına başlayıb.
Avropa İttifaqının qənimi
Consonun baş nazir seçiləcəyini hələ üç il bundan əvvəl gözləyənlər də var idi. Qatı avroskeptik olan Aleksandr Boris de Pfeffel Conson 2016-cı ildə Londonun meri postunu tərk edərək, aktiv şəkildə Britaniyanın Avropa İttifaqından çıxışı üçün təşviqat aparıb. Onun səyləri öz bəhrəsini verib: 2016-cı il iyunun 23-də keçirilmiş referendumda ölkə Avropa İttifaqını tərk etməyin lehinə səs verib.
Elə sonuncu seçkilərdən öncə də Conson qələbə qazanacağı təqdirdə oktyabrın 31-dək Britaniyanı Avropa İttifaqından çıxaracağını vəd edib. Lakin Conson İrlandiya sərhədi ilə bağlı məsələyə yenidən baxılmasına nail olmaq, eləcə də Britaniyanın Avropa İttifaqından razılaşma olmadan çıxması təqdirində İttifaqa 39 milyard funt həcmində dəbbə ödəməsindən imtina etmək niyyətindədir.
Yaxşı mer, amma pis nazir
20 ilə yaxın siyasi karyerası ərzində 55 yaşlı Conson parlament üzvü, Londonun meri və xarici işlər naziri kimi fəaliyyət göstərməyə müvəffəq olub.
Onun Londonun meri kimi fəaliyyəti çox uğurlu olub. Consonun mer vəzifəsində çalışdığı səkkiz il ərzində Britaniya paytaxtında cinayətkarlığın səviyyəsi enib, mənzil qiymətləri aşağı düşüb və bəzi nəqliyyat problemləri həll olunub.
2016-cı ildə isə Tereza Mey sabiq meri xarici işlər naziri vəzifəsinə təyin edib. Lakin tənqidçilər bildirirlər ki, bu vəzifədə Conson "vaxtını xarici siyasətə yox, təhqir etdiyi xalqlardan üzr istəməyə sərf edib".
Rusiyanın tənqidçisi
"Mənim Moskvada əcdadlarım yaşayıb. Britaniyanın Boris adlı ilk xarici işlər naziri olduğuma əminəm və xahiş edirəm, münasibətlərimizin yaxşılaşdırılmasına nail olmaq niyyətimdən şübhəniz olmasın". Conson bunu 2017-ci ildə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə danışıqlardan sonra bəyan edib.
Conson, həmçinin Moskvanın beynəlxalq terrorizmlə mübarizədə xidmətlərini yüksək qiymətləndirib və Suriya Prezidenti Bəşər Əsədin ordusunun rusiyalı hərbçilərin köməyi ilə qələbə qazanmasına sevinməyə çağırıb. O, həmçinin britaniyalıları rusofobiyaya uymamağa çağırıb və özünün ruslara qarşı kin saxlamadığını vurğulayıb.
Lakin Conson, eyni zamanda, Moskvanın qatı tənqidçisidir. O, Sergey Skripal və qızının 2018-ci ildə Solsberidə zəhərlənməsindən sonra Rusiyaya qarşı sanksiyaların tətbiqini dəstəkləyib.
"İyirmi il əvvəl heç təsəvvür etmək olmazdı ki, bizim münasibətlərimiz belə olacaq", - Conson gileylənib. Lakin o, həm də vurğulayıb ki, ABŞ "Rusiyanı iblis kimi görməməli və küncə sıxışdırmamalıdır".
Mürəkkəb siyasətçi
Conson çox adama "sataşıb". 2016-cı ildə o, Barak Obamanı kabinetindən "tarixin ən möhtəşəm britaniyalısı" olan Uinston Çörçilin büstünü götürdüyünə görə tənqid edib. O iddia edib ki, Obama əslən keniyalı olduğu üçün Britaniya İmperiyasına nifrət bəsləyir.
Ağ Evin hazırkı sahibi Donald Tramp Consonu "əziz dost" adlandırır və Britaniyanın Aİ-dən çıxmasından sonra Londonla ticarət sazişi bağlayacağını iddia edir.
Lakin "əziz dost" özü Tramp haqqında mənfi fikirlər səsləndirib. "Düşünürəm ki, Tramp dəlidir", - Conson ABŞ prezidentinin müsəlmanların ölkəyə girişinə qadağa qoyacağına dair vədinə cavab olaraq deyib.
Conson, həmçinin Trampın "heyrətləndirici dərəcədə cahil" olduğunu və onun Birləşmiş Ştatların prezidenti postunu tutmaq qabiliyyətinə malik olmadığını bildirib.
Qeyd edək ki, Nyu-Yorkda olarkən Consonu səhvən Trampa oxşadanlar da olub: o isə bunu həyatının ən pis günlərindən biri adlandırıb. Lakin görünür, baş naziri hələ çox belə "pis gün" gözləyir, çünki jurnalistlər onu tez-tez "mini-Tramp" adlandırırlar.
Təkcə Avropanı yox...
Consonun nifrəti Avropa ilə məhdudlaşmır. 2006-cı ildə Leyboristlər partiyasının böhranda olduğu bir vaxtda, o, leyboristlər arasında hökm sürən "dəliliyi" çox maraqla izlədiyini, konservatorların isə "kannibalizm və qətllərlə müşayiət olunan Papua-Yeni Qvineya tərzində orgiyalara" artıq çoxdan öyrəşdiyini deyib.
O, həmçinin afroamerikanlara diqqət ayıraraq, onların "qarpız gülüşü" haqqında danışıb. Güman ki, Conson amerikalı qaradərililərin qarpıza olan sevgisi ilə bağlı stereotipə kinayə edirmiş.
Consonun asiyalılara da söz atmağa imkanı olub. O, Çin mədəniyyətinin böyük olduğunu etiraf etməkdən boyun qaçırıb, Pekinin isə təsirinin sıfır səviyyədə olduğunu deyib. 2013-cü ildə Conson malayziyalı tələbə qızlar haqqında pis danışaraq, onların "özlərinə ər tapmaq üçün" universitetlərə qəbul olduğunu iddia edib.
Conson, hətta Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana təhqirlə dolu şer də həsr edib, Suriya Prezidenti Bəşər Əsədi isə "bədheybət" və "diktator" adlandırıb.
Moskva ilə əlaqələrə gəldikdə isə, Consonun baş nazir seçilməsinin Rusiya-Britaniya münasibətlərini dəyişəcəyini gözləmək lazım deyil.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Andrey Kelin RİA Novosti-yə bildirib ki, Böyük Britaniya Moskva üçün tamamilə qəbuledilməz olan bir siyasət xəttini yürüdür: "Səbəblər bizə aydındır. Bütün bunlar konservatorların hazırkı komandasının apardığı siyasətin çərçivəsində baş verir".
Onun sözlərinə görə, Londonun hazırda əsas məqsədi "Brexit"lə bağlı razılaşma əldə etmək və hər hansı bir məqbul həll yolunu tapmaqdır. Əks təqdirdə, ölkəni böyük çətinliklər gözləyir.