BAKI, 25 iyul — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İspaniya və İtaliya ilə yüksək dəqiqlikli silahlar sahəsində hərbi-texniki əməkdaşlığını məhdudlaşdıran qanun layihəsinə veto qoyub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trampın Senata göndərdiyi məktubda deyilir.
Qeyd edək ki, bir müddət öncə demokrat senator Bob Menendes tərəfindən təqdim olunmuş bu qanun layihəsini Senat və Nümayəndələr Palatası artıq qəbul edib. Qanunvericilərin fikrincə, bu cür qadağa ABŞ-ın Yəməndəki münaqişədə dolayı yolla iştirakını məhdudlaşdıracaq. Səudiyyə Ərəbistanı sözügedən münaqişədə aktiv şəkildə iştirak edir.
"Bu qanun tərəfdaşlarımızın yüksək dəqiqlikli sursat istehsal etmək və almaq imkanlarını məhdudlaşdırmaqla, çox güman ki, Yəməndəki münaqişəni uzadacaq və onun törətdiyi iztirabı dərinləşdirəcək", - Tramp Senata göndərdiyi məktubunda deyib.
Məktubun bütöv mətni Ağ Evin mətbuat xidmətinin saytında yerləşdirilib.
Prezidentin qoyduğu vetonu dəf etmək üçün Konqresin hər iki palatasından səslərin üçdə ikisi tələb olunur. Lakin Konqresdə sözügedən qanun layihəsinin tərəfdarlarının sayı kifayət qədər deyil və bu səbəbdən də güman etmək olar ki, Trampın qoyduğu veto qüvvədə qalacaq.