Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 25 iyul — Sputnik. Xalq artisti Aygün Kazımova uzun müddət yanlış anlaşılma nəticəsində yaranmış səddi uçurmağa çalışıb ki, Rusiyanın xalq artisti Filipp Kirkorovu Azərbaycana buraxsınlar.
Bunu Rusiyanın pop kralı "Jara" Beynəlxalq Musiqi Festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib. Müğənnilər artıq on ildən çoxdur ki, dostluq münasibətləri saxlayırlar.
"Aygün o adamlardandır ki, uzun müddət məni Azərbaycana buraxmaları üçün əziyyət sərf edib. Burada siyasi səbəblərdən mənim konsertimi ləğv eləmişdilər. O, tez-tez Moskvaya gəlirdi, biz hətta birlikdə çıxış edirdik. Emin mənimlə bağlı məsələyə nida işarəsi qoya bildi və məni sevimli Azərbaycanıma buraxdılar. Düşünürəm ki, Aygünsüz bunu etmək ona çətin olardı" - deyə Kirkorov etiraf edib.
Müğənni sonsuz dərəcədə şad və xoşbəxtdir ki, illər keçəndən sonra yenidən Aygün Kazımova ilə birgə səhnəni bölüşür. Onlar iyulun 26-da festivalın səhnəsində "Calma" mahnısını oxuyacaqlar.
"Bizim Aygünlə birgə layihəmiz kommersiya yox, dostluq xarakteri daşıyır. O, çox istedadlı müğənnidir. Düşünürəm ki, onu çoxdan "Avroviziyaya" göndərmək lazım idi. Ola bilsin, hələ hər şey qabaqdadır. O, çox gözəl görünür" - deyə Kirkorov bildirib.