Şəki şəhərindəki “Sənətkarlar evi”nin otaqlarının birində rəssam Mənsur Əzizlinin hazırladığı yüzdən artıq milli xörək və şirniyyatlarımızın maketləri nümayiş etdirilir. Sərgilənən mulyajlar o qədər təbii görünür ki, onların yeməli olmadığına inanmaq çox çətindir.
Bu işlərin müəllifi etiraf edir ki, Şəkiyə gələn turistlər çox vaxt milli yeməklərimizlə maraqlanır. Piti, plov və dolma kimi təamları hər kəs daddığı halda, mətbəximizin nə dərəcə zəngin olduğunu hər kəs anlaya bilmir. Bunun üçün bu cür layihə hazırlamaq fikrinə gəlib.
İşlərin hazırlanmasında rəssam müxtəlif yapışqan növləri, gips, penoplast, silikon və digər adi dükanlardan alına bilən materiallardan istifadə edib. Bu işləri hazırlamağın digər amalı da artıq itirilməkdə olan bəzi mətbəx adət-ənənələrimizi əbədiləşdirməkdir.