BAKI, 24 iyul — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva aviareysi təyyarənin yaranan texniki problemlər səbəbindən gecikib. Bunu Sputnik Azərbaycan-a mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, reys üzrə uçuşun həyata keçirilməsi üçün AZAL tərəfindən başqa təyyarə ayrılıb və hava gəmisi saat 11:00-da Bakıdan Moskvaya yola salınıb.
Qeyd edək ki, sözügedən reys üzrə təyyarə Bakıdan Moskvaya 06:50-də havaya qalxmalı idi.
Xatırladaq ki, sözügedən aviareysin sərnişinləri arasında Avropa Liqasının II təsnifat mərhələsində Tula “Arsenal”ı ilə qarşılaşacaq “Neftçi”nin futbolçuları da yer alıb. Sabah Rusiya təmsilçisi ilə ilk oyununu keçirəcək paytaxt təmsilçisi yaranan nasazlıq səbəbindən görüşün təşkil olunacağı məkana planlaşdırdığı vaxtda çata bilməyəcək.