Aleksandr Xrolenko, hərbi şərhçi
BAKI, 24 iyul — Sputnik. Bu gün Rusiya Federasiyası Milli Müdafiə İdarəetmə Mərkəzində Rusiya və Suriya koordinasiya qərargahlarının birgə iclası olub.
Moskva-Dəməşq videokonfransını Mərkəzin rəisi Mixail Mizintsev açıb və qeyd edib ki, sülh prosesinin nizamlanmasında pozitiv dinamika izlənilir. Bu gün 1,85 milyondan çox suriyalı öz evinə qayıdıb. Xaricdən, eləcə sə İordaniya və Livandan qaçqın axını artıb. İlin əvvəlindən başlayaraq xaricdən 539 min suriyalı qaçqın geri qayıdıb.
Suriya Ərəb Respublikasının (SƏR) ABŞ tərəfindən işğal edilmiş ərazilərindəki Rukban və Əl-Hol qaçqın düşərgələrindəki fəlakətli vəziyyətin davam etməsinə baxmayaraq, Rukbandan 17 min suriyalını (BMT-nin məlumatına görə, 41 mindən) geri qaytarmaq mümkün olub.
Bu gün SƏR ərazisində 5906 yaşayış evi, 332 tibb müəssisəsi, 1539 məktəb, 333 su təchizatı obyekti və minlərlə sənaye müəssisəsi bərpa edilib.
Mixail Mizintsev Suriyada sülhün nizamlanmasında BMT-nin müsbət rolunu qeyd edib. BMT-nin Dəməşqdəki nümayəndəsi Korin Fleyşer isə Rusiya və rəsmi Suriyanın sülh səylərini yüksək qiymətləndirib.
Bu günlərdə BMT-nin planının reallaşdırılmasına başlanacaq və bu, Rukban düşərgəsindən sutkada 3500-dək qaçqının çıxarılmasını nəzərdə tutur.
SƏR-dəki sülh nizamlanması prosesi Qərb dövlətlərinin düşmən təbliğatına və ABŞ ordusunun terrorçu qruplaşmaların qida mənbəyi olaraq qalan bəzi əraziləri işğal etməsinə mane olur.
Amerikalıların nəzarətində olan Rukban və Əl-Hol düşərgələri hələ də qaçqınlardan (əksəriyyəti qadın və uşaqlardır) örtük kimi istifadə edən terrorçuların sığınacaq yeri olaraq qalır.
Rəsmi Dəməşq qeyd edir ki, Rukban düşərgəsindəki neqativ humanitar vəziyyəti istisnasız olaraq Birləşmiş Ştatlar formalaşdırır və nəzarətdə saxlayır.
RF Milli Müdafiə İdarəetmə Mərkəzi bəyan edib ki, ABŞ qoşunlarının SƏR-in işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu münaqişənin sülh yolu ilə nizamlamasına əsas maneədir və bu məsələdə ona Suriya koordinasiya qərargahının nümayəndələri dəstək verir. Tərəflər bəyan ediblər: bu gün və yaxın perspektivdə sülhün nizamlanması ilə bağlı qarşıda duran əsas məsələ Amerika qoşunlarının SƏR ərazisindən (və 55 kilometrlik "Ət-Tanf" zonasından) çıxarılmasıdır.
Bu gün Suriyada çoxlu çətin problemlər var, lakin Dəməşq və Moskvanın razılaşdırdığı planlar ciddi şəkildə yerinə yetiriləcək. Mixail Mizintsev qeyd edib ki, BMT-nin humanitar strukturlarının aktiv fəaliyyətləri nəticəsində Suriyaya sülh daha sürətlə gələcək.