BAKI, 24 iyul — Sputnik. "Warner Bros." studiyası 2020-ci ildə "Supermen: Qırmızı Oğul" (Superman: Red Son) animasiya filminin ekranlara çıxacağını elan edib.
Sputnik Azərbaycan "Superman Homepage" saytına istinadən xəbər verir ki, animasiya filmi eyniadlı komiksin əsasında çəkiləcək.
Müəllifi Mark Miller olan bu komiks 2003-cü ildə işıq üzü görüb. Komiksin süjetinə əsasən, körpə Supermeni Yer planetinə gətirən raket ABŞ-ın Kanzas ştatında yox, Sovet İttifaqı ərazisində kolxozlardan birində eniş edir.
Nəticədə superqəhrəman "Stalinin və sosializmin tərəfində vuruşur". Komiksdə baş verən hadisələr 1953-cü ildən 2001-ci ilədək olan dövrü əhatə edir. Əsərin qısa bir epizodu isə gələcəyi təsvir edir.