Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Növbəti ayda metronun "Xətai" stansiyasında aparılan təmir işləri yekunlaşacaq. Bu sözləri "Bakı Metropliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Lakin onun sözlərinə görə, hələlik stansiyanın dəqiq olaraq hansı tarixdə istifadəyə veriləcəyi bəlli deyil: "Hazırda stansiyada tikinti-quraşdırma ilə bağlı yekun işlər görülür, ekskalatorlarda sınaq və tənzimləmə işləri aparılır. Bu işlərin avqustda bitəcəyi gözlənilir".
Xatırladaq ki, Bakı metrosunun ən dərin stansiyası olan "Xətai"nin yenidənqurma işlərinə ötən ilin sentyabrın 27-də başlanılıb.
B.Məmmədov bildirib ki, növbəti yenilənmə işləri metronun "Nizami" stansiyasında aparılacaq. "Nizami"də isə sadəcə olaraq 3 ekskalator yenisi ilə əvəzlənəcək: "Lakin bu da həmin ekskalatorların istismar müddətinin başa çatacağı vaxtda, 2026-cı ildə baş tutacaq".