Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, 90-LK-933 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində dünyasını dəyişib, digər 2 qadın isə yaralanıb.
Sürücü Vüsal Əzizovun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinin idarəetməsini itirməsi nəticəsində baş verən avtoqəzada Astara rayonu Ərçivan qəsəbəsində doğulan, Bakı şəhərində yaşayan, 1948-ci il təvəllüdlü Azadə Bayram qızı Məmmədova həyatını itirib. Qəzada xəsarət alanlar isə 1950-ci il təvəlüdlü Cəmilə Bayram qızı Məmmədova və 1990-cı il təvəllüdlü Nigar Əzizovadır. Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
C.Məmmədova alın-təpə nahiyəsinin əzilmiş-didilmiş yarası, N.Əzizova isə körpücük sümüyünün sınığı ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların hər ikisi travmatik şök vəziyyətindədir. Qəzada həyatını itirən A.Məmmədovanın meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.