Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 22 iyul — Sputnik. 202 saylı müntəzəm marşrut xətti üzrə iki nəfər avtobus sürücüsünün reysdə olduğu zaman əlbəyaxa davası ilə əlaqədar yayılan məlumat nəzarətə götürülərək müvafiq qaydada araşdırılıb.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, xətt üzrə müvəqqəti sərnişindaşıma fəaliyyəti göstərən "Çinar-Trans MMC"nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılaraq məsələ ilə bağlı izahat istənilib: "Müəyyən olunub ki, 21.07.2019 tarixində axşam saatlarında 202 saylı marşrut xətti üzrə sürücülər - Fətullayev Telman Valeh oğlu və Məsimov Kazbek Murtuz oğlu - arasında mübahisə yaranıb. Xidmətdə olmalarına baxmayaraq, hər iki sürücü avtobusda olan sərnişinləri düşürərək əlbəyaxa davaya çıxıb. Daşıyıcıdan dərhal peşə vəzifəsini layiqincə yerinə yetirməyərək sərnişinlərə qarşı açıq şəkildə hörmətsizlik edən sürücülərlə bağlı tədbir görülməsi tələb edilib. Həmçinin analoji halın təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirməsi ilə bağlı ciddi xəbərdarlıq edilib. "Çinar-Trans MMC" rəhbərliyinin müvafiq qərarı ilə hər iki sürücü işdən azad olunub. Bir daha bildiririk ki, avtobus sürücülərinin bu cür davranışı yolverilməzdir və daşıyıcılar sürücülərin gündəlik təlimatlandırılması, eləcə də maarifləndirilməsi işini daha ciddi şəkildə həyata keçirməlidirlər".