Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 21 iyul — Sputnik. Müsahibimizin geniş təqdimata ehtiyacı yoxdur. Hələ gənclik illərindən teatr səhnəsində parlayan Qurban Məsimov. Vaxtı ilə Pantomim teatrının aktyoru, televiziyada "Nəm nəm" verilişinin aparıcısı və rejissoru, hazırda isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru. Elə bu il Əməkdar artist adını almış Qurban Məsimovla teatr mövsümünün bağlanışından sonra görüşmək qərarına gəldik.
- Kukla Teatrı mövsümü başa vurdu. Bu mövsüm digər illərdən fərqli oldumu?
- Kukla Teatrı olaraq 87-ci mövsümü başa vurduq. Hər il bizim üçün maraqlı olub. Bu il biz Moskvada, Həştərxanda və Lənkəranda keçirilən beynəlxalq festivallarda iştirak etdik. Məlumat üçün deyim ki, dünyada çox mühüm Subititsa, Kukart, Obraztsov adına beynəlxalq kukla teatrları festivalı kimi nəhəng teatr festivalları var. Ora hər teatr arzusunda olsa da düşə bilmir. Çox sevindirici haldır ki, bu il biz Moskvada keçirilən Obraztsov adına beynəlxlaq kukla teatrları festivalında iştirak etdik. Bütün xərclər festivalın təşkilatçıları tərəfindən ödənilib. Həmçinin teatrımız uzun zamandır UNİMA Beynəlxalq kukla teatrları assosiasiyasının üzvüdür. Teatr olaraq artıq festivalları özümüz seçirik. Bura getmək lazımdır ya yox.
- Festivallarda iştirak etmə ilə bağlı çətinliklər varmı?
- Təbii ki. hər festivalda iştirak etmək üçün maliyyə lazımdır. Adətən bu qarşılıqlı şəkildə olur. Misal üçün festival, qalma və qida məsələlərini öz boynuna götürürsə qarşı tərəfə yol xərclərini çəkmə təklif olunur. Bizdə bu xərcləri Mədəniyyət Nazirliyi qarşılayır.
- Repertuarınızda xalq nağılları daha çox üstünlük təşkil edir. Sizcə repertuarınız hazırkı tələbata cavab verirmi?
- Düşünürəm, bəli. Uşaqlar valideynlərə bağlıdır. Onlar da teatra gələndə özlərinin bildiyi nağıllara üstünlük verirlər. Teatra gələnlər "Məlikməmməd", "Qoğal", "Tıq-tıq xanım", "Cırtdan", "Göyçək Fatma" nağıllarını soruşurlar. Mən də ötən il qərar verdim ki, repertuarımızda bəlli olan Azərbaycan nağılları olmalıdır. Teatrda fəaliyyət göstərən Anar Məmmədov daha çox xarici nağıllara üstünlük verir. Mən isə tam fərqli olaraq öz folklorumuzun həvəskarıyam. Amma nağıllarımızla bağlı problem ondan ibarətdir ki, pyes şəklində deyil. Elə nağıl var ki, 12 cümlədən ibarətdir, amma sən bunu 1 saatlıq tamaşaya çevirməlisən. Azərbaycan seyrçisi tamaşa başlayandan bir neçə saniyə sonra hadisə baş verməsini istəyir. Rus tamaşaçısı isə tam fərqli, 1 saat da olsa oturub böyük bir mətnə qulaq asar. Eyni mətni Azərbaycan dilinə çevirib tamaşaçıya təqdim etsək qəbul etməyəcək.
- Bu nə ilə bağlıdır?
- Bu psixologiya ilə bağlıdır. Heç bir ölkənin tamaşaçısı bir-birinə bənzəmir. Tam fərqlidir. "Snow show"-un müəllifi Vyaçeslav Polunin maraqlı fikir səsləndirmişdi. Dünyanın hər yerində “bravo” qışqıraraq qarşılanan bu tamaşaya Portuqaliyada baxıb "nə olsun ki" dedilər. Səhnəyə bir kibrit atsan ingilis tamaşaçısı bir saat da olsa gözləyəcək ki, həmin kibritlə nə baş verəcək. Azərbaycan tamaşaçısı isə dərhal o kibritlə nəsə iş görməyini istəyir.
- Sözünüzdən belə anlaşıldı ki, Azərbaycan tamaşaçısını təəccübləndirmək daha çətindir.
- Bizim tamaşaçı məcazi mənada deyir ki, məni darıxmağa qoyma.
- Belə olduğu təqdirdə yük kimə düşür?
- Daha çox rejissora. Hamımızın yaxşı bildiyi "Qırmızı papaq" nağılı var. Düşündüm ki, Şarl Perronun bu nağılını olduğu kimi səhnəyə gətirsəm o qədər də maraqlı olmayacaq. Ona görə də müəyyən dəyişiklik edib qırmızı araqçınlı qız etdim. Bütün obrazları milliləşdirdim. Bəstəkar Vüqar Camalzadə ilə birlikdə ortaya maraqlı iş qoyduq. Azərbaycanın tanınmış 9 müğənnisini dəvət etdik. Onlar obrazların vokal partiyalarını oxudular. Çox gözəl müzikl alındı. Hal-hazırda da repertuarımızdadır.
- Azərbaycanda maraqlı bir tendensiya var. İş maraqsız olanda rejissorun boğazından yapışırlar, uğurlu alınanda hamı öz adına çıxarır.
- Əslində bu hər yerdə belədir. Bizdə dram teatrlarda nəyisə bəyənməyəndə kənarda aktyora deyirəm ki, sən fərqli oynaya bilərdin. Cavab olaraq aktyor da mənə deyir ki, rejissor belə qurub. Məşq zamanı nə qədər vaxt olur ki, dəyişiklik edəsən. Fikir mübadiləsi aparasan. Şəxsən mən xoşlamıram ki, məşq zamanı aktyor yalnız icraçı olsun. Halbuki, elə aktyorlar var sırf icraçıdır, elə aktyor var, ideya verə bilir. İmprovizə çox qəliz bir məsələdir. Mən hər aktyorun bunu etməsinə icazə vermirəm. O vaxt pantomim teatrında işlədiyim zaman Bəxtiyar Xanızadə 3-4 nəfərə icazə verirdi improvizə etməyə. Yeni gələn aktyorlara qətiyyən icazə verilmirdi. Çünki rejissorun öz yozumu var. Lazımsız improvizə tamaşanı başqa yerə aparıb çıxarar.
- Əksər Azərbaycan teatrlarında müasir dramaturgiyanın yoxluğu hiss olunur. Sizdə bu yöndə vəziyyət necədir?
- Yazıçılarla problem ondadır ki, nağılı yazır, amma onu pyes halına sala bilmir. Təqdim olunan əsərlərə baxanda görürük ki, oxunuş üçün əladır, amma quruluş üçün yaramır.
- Sizin teatrda aktyorlarla işləmək rahatdırmı?
- Mənim üçün adi görünən, aktyor üçün çətin ola bilər və bu uzun müddət vaxt alar. Hər bir aktyor fərqlidir. Dünya görüşündən tutmuş, təhsilinə qədər. Özümdə olan parametrləri onlardan tələb etmək çətindir. Rejissor çox istəyər ki, aktyoru gözəl qamətə, səs tembrinə, plastikaya malik olsun. Əksər halda kukla teatrının aktyorlarını kimsə tanımır. 90 faiz oynadıqları tamaşalarda görünmürlər. Heç səsləri də özlərinki olmur, dəyişirlər. Dram teatrlarında mizanlar göz qabağında olur. Kukla teatrında arxadan gəlib görsələr ki, necə işləyirlər, təəccüblənərlər. Bir tamaşada aktyor bir neçə yerə bölünür.
- Müsahibələrinizin birində rejissoru, yaxşı təlim keçmiş orduya ehtiyacı olan generala bənzətmisiniz. Sizcə Azərbaycan teatrının orduya ehtiyacı var, ya generala?
- Bəzən şahidi oluram ki, ordu var. Bəzən də görürəm ki, general var, ordu yaxşı təlim keçməyib. Bir tamaşada bir cür, digərində başqa cür olur. Bütövlükdə aktyor sənətinin stimulu aşağı düşüb. Biz sənətə gələndə Həsən Turabovu, Rasim Balayevi, Səməndər Rzayevi, Şahmar Ələkbərzadəni, Hamlet Xanızadəni görmüşdük. İndi sənətə gələnlər kimi görsün? Biz daha çox ideyaya xidmət edirdik. İndiki gənclər isə kapitalist dövrünün yetirmələridir. Ona görə də teatra gələndə fikirləşirlər ki, bu teatr bizə nə verəcək. Başqa sözlə canavara çevriliblər.
- Teatrlarda axsayan tərəflərdən biri də menecerlikdir?
- Nəyinki axsayır, bu məsələ qlobal bir problemə çevrilib. Mənim anlamımda art menecerlər bir neçə dil bilən, müasir texnologiyadan anlayışı olan, dünyaya baxışı geniş olan, yaradıcı adamların məhsulunu sata bilən şəxslərdir. Amma aşağı maaşa bu işləri görə biləcək kimsə yoxdur. Hətta aktyorların da öz menecerləri olmalıdır. Adicə filmə çəkiləndə bizim aktyorlar özləri özlərinin meneceri olur. Gəlib oturub prodüserlə danışanda hiyləgər bacarıq olmalıdır. Prodüser kimdir? Prodüser aktyoru aldadan şəxsə deyilir. Əksər halda aktyorun dili-ağzı olmur. Sonda deyir nə verərsiz, verərsiz. Bütün işlərimizin axırı "Allah bərəkət versin" cümləsi ilə bitir.
- Kukla teatrının alternativi yoxdur. Alternativsiz teatrın inkişafı nə dərəcədə realdır?
- Əksər digər teatrlar başlayıblar tamaşalarında kukla elementlərindən istifadə etməyə. Əvvəllər Akademik Milli Dram teatrında, Gənc Tamaşaçılar Teatrında ancaq böyük tamaşaları olardı. İndi onlar da tamaşaçı cəlb etmək üçün başlayıblar uşaq tamaşaları hazırlamağa. Əgər "Azdrama"da "Qoğal" tamaşası hazırlanırsa, deməli alternativdir. Belə getsə, mən də böyük tamaşaları hazırlayacam.
- Hə, vaxtilə də böyüklər üçün tamaşa hazırlayacağınızın proqnozunu vermişdiniz.
- Böyüklər üçün Rəhman Əlizadənin "Bizim Don Kixot" əsərini səhnələşdirdik. Xalq artisti İlham Namiq Kamalın iştirakı ilə. İstəyirəm ki, kukla teatrında "Kral Lir"i hazırlayım. Niyə də yox?! Mən iki dəfə ikinin dörd olduğunu yaxşı bilirəm. Ona görə də hər hansısa tamaşanın hazırlanması mənim üçün problem deyil. Rəssamın əlinin altında fırçası, rəngi, kətanı varsa, onu şəkil çəkməyə kim mane ola bilər ki?
- Bəs sizə mane olan varmı?
- Mənə yoxdur. Əvvəllər hər hansısa işi görəndə ilham pərisini gözləyirdim. Sonra fikirləşdim ki, əşi sən bir işə başla, ilham pərisi görəndə ki, sən başlamısan özü gəlib sənin yanında duracaq.