BAKI, 20 iyul — Sputnik. Rəsmi Moskva Kerç boğazında yaşanan insidentlə bağlı ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etmə niyyətini mənasız addım adlandırıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"İndiyə qədər artıq 20 belə sanksiya paketi olub... Bizim mövqeyimiz dəyişmir. Bu beynəlxalq münasibətlər, beynəlxalq hüququ pozan, xüsusilə strateji sabitlik və təhlükəsizlik vəziyyətinə görə məsuliyyət daşıyan Rusiya və ABŞ kimi ölkələr daxil olmaqla dövlətlərarası münasibətlərə inamsızlıq toxumu səpən tamamilə qeyri-effektiv və mənasız addımlardır" - deyə Qruşko ABŞ Konqresinə Kerç boğazında yaşanan insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin çıxarılmasını şərh edərkən bildirib.
Qeyd edək ki, ötən ilin noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna və Rusiya gəmilərinin iştirakı ilə insident yaşanıb. Belə ki, boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar. Bu zaman gəmilərdən biri taran edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Krımda saxlanılıb. Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib.
Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna tərəfi gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını iddia edir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən təxribat yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda ittiham edir.