Fuad Əlizadə, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Bakının bəzi rayonlarındakı bir sıra qazanxanalar qazsız qalıb. Nəticədə abonentlərin də isti suyu kəsilib. Qazın verilişi "Azəristiliktəchizat" ASC-nin digər kommunal xidmət operatoru olan "Azəriqaz" İstehsalat Birliyinə olan borcu ucbatından dayandırılıb.
Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"2019-cu ilin 6 ayı ərzində "Azəristiliktəchizat" ümumi dəyəri 26 milyon manat olan 130,2 milyon kubmetrdən çox qaz alıb. Bu günə qədər həmin borc ödənilməyib" - deyə İB-dən bildiriblər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq, borclu borcunu bir aydan artıq müddətdə ödəməzsə, kommunalçılar onun qazını kəsmək hüququna malikdirlər. Eyni zamanda "Azəriqaz" abonentlərin maraqlarını nəzərə alaraq, müəyyən güzəştlərə gediblər.
"Borca baxmayaraq, istiliyə və isti suya olan yüksək mövsümi tələbatla əlaqədar olaraq, qışda qazın verilişi dayandırılmayıb. Eyni zamanda, yayın gəlişini və "Azəristiliktəchizat"-ın borclarını ödəməyə hələ də başlamadığını nəzərə alaraq, bəzi sahələrdə qazanxanalara qazın verilişi dayandırılıb" - "Azəriqaz"dan bildirilib.
2019-cu ilin başlanğıcından indiyədək "Azəriqaz" İB-nin abonentlərinin sayı 2,2 milyon istehlakçıdır.