BAKI, 19 iyul — Sputnik. Bu gün Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının və jurnalistlərin iştirakı ilə Nərimanov rayonu ərazisində reyd keçirilib. Reyd zamanı Gənclik Mall və Nərimanov metrosu yaxınlığında qayda pozan sürücü və piyadalara qaydalar izah edilib və tövsiyələr verilib. İnsanlara ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi izah edilib, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması digər hallarla bağlı fəal iş aparılıb.
Gecə saatlarına qədər keçirilməsi nəzərdə tutulan tədbir çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərinin əməkdaşları ilə birgə KİV nümayəndələri ilə fərdi profilaktik söhbətlər aparılır.
Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.