BAKI, 19 iyul — Sputnik. Bakıda "Instagram" sosial şəbəkəsində tanış olaraq silsilə oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən həyəcan siqnalı daxil olub. Dərhal Sabunçu Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar və obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən "Moskviç-21406" markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı Rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib. Həmçinin dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fəttahov da məsuliyyətə cəlb edilib.
Saxlanılan şəxslər ifadələrində "Instagram" sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaraq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri, həmçinin dəstə üzvlərinin digər əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.