"Avropa İttifaqının rəsmi Anakaraya qarşı qəbul etdiyi sanksiyalar Türkiyənin iqtisadiyyatına ciddi təsir etməyəcək, lakin Türkiyəni müəyyən qədər Avropadan uzaqlaşdırmaq üçün bu proseslər davam edəcək". Bunu Sputnik Azərbaycan-a politoloq Arzu Nağıyev deyib.
Politoloq bildirib ki, Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonada apardığı qazma işləri davam edəcək.
"Problem ondadır ki, bütün bu məsələlər siyasiləşdirilir. Siyasiləşdirilmənin məqsədi isə Türkiyəyə qarşı olan siyasi ambisiyaları həyata keçirməkdir", - deyə Arzu Nağıyev bildirib.
Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyaları qəbul edib. Qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edir və Assosiasiya Şurasının iclasını ləğv edib. Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb.
Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz