Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının qarşısında təxminən 500 yaşı olan çinar ağaclarından birinin budağının qırılaraq yerə düşməsi 19 nəfərin xəsarət almasına səbəb olub. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.
Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan jurnalist İlkin Məmmədovla bağlı son durumu öyrənmək üçün həmin tibb müəssisəsinə üz tutduq.
1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə Sputnik Azərbaycan-a açıqlamasında ötən gün reanimasiyadan palataya köçürülən xəstənin son durumu ilə bağlı məlumat verib: "Ötən günlə müqayisədə İlkinin vəziyyəti stabilləşib. Müalicəsini davam etdiririk. O, müalicə olunub sağalandan sonra evə buraxılacaq".
"Onun bu tezlikdə evə buraxılması gözlənilmir. Çünki sonradan evə gedərək ağrılarının olmaması, başqa problemlərin yaranmaması üçün həkimlər onu nəzarətdə saxlayırlar", - deyə həkim əlavə edib.
İ.Məmmədovun özünü necə hiss etməsi ilə bağlı olaraq isə həkim bunları deyib: "Xəstəxanada olan biri özünü necə hiss edə bilər? İlkin də özünü elə hiss edir.
Qeyd edək ki, iyulun 15-də, axşam saatlarında sağ baldır sümüyünün çox qəlpəli sınığı diaqnozu qoyulan xəsarət alanlardan biri, 1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva dünyasını dəyişib.
Xatırladaq ki, baş vermiş hadisə ilə bağlı olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 19 nəfər müraciət etmişdi.